“Red Bull”un rəhbəri Kristian Horner bolidlərinin Formula 1-in cari mövsümündə rəqibləri üzərindəki ciddi üstünlüyündən danışıb.
Arena.az xəbər verir ki, o, ESPN-ə açıqlamasında belə böyük üstünlüyə yiyələnmələrinin özləri üçün də gözlənilməz olduğunu etiraf edib:
“Fevralda biz artıq yaxşı bolidimizin olduğunu bilirdik. Amma biz “Ferrari”nin ötənilki tərəqqisini davam etdirəcəyini və “Mersedes”in də rəqabətədavamlı olacağını gözləyirdik. Beləliklə, rəqiblərimizlə müqayisədə nə qədər güclü olduğumuza həqiqətən təəccübləndik. Düşünürəm ki, bizlərdən heç birimiz bolidimizin həqiqətən bu qədər güclü olduğunu düşünmürdü. Yürüşlərdə göstərilən vaxta görə biz həqiqətən güclü olduğumuzu gördük.
Bizim ən yaxın təqibçimizin “Aston Martin” olduğu görünürdü. “Mersedes” yeni əsasnamədən istifadə etdikdən sonra heç də yaxşı formada deyildi. Beləliklə, bizə yalnız öz sürətimizi və nəticələrimizi qiymətləndirmək gərək idi.
Düşünürəm ki, komandamızın uğurunun sirri bütün səviyyələrdə qura bildiyimiz mədəniyyətdə, eləcə də işimizə düzgün yanaşmadadır. Hər kəs qalib gəlməyi sevir və biz də hər bir uğuru qeyd edəcəyik. Açığı, biz liderlərin mövqelərinə qayıtmağa çalışdığımız zaman çətin dövrlərimiz olub, amma məqsədimizin nə olduğunu, iddialarımızın nələr olduğunu heç kim unutmayıb.
Mən heç zaman indiki qədər köklənmiş komanda görməmişəm. Qələbə əladır və biz hər qələbəni qeyd edirik”, deyə Horner vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Kristian Horner qarşıdakı mövsümdə yürüş qaydalarının sabitliyi halında komandalar arasındakı üstünlük fərqinin azalacağını vurğulamışdı.


