Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 38 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 17-ci turundan təxirə salınmış oyunda səfərdə “Əl-İttihad”la qarşılaşıb.
Oyun “Əl-Nəsr”in 5:2 hesablı qləbəsi ilə başa çatıb. Ronaldonun vurduğu iki qol oyunda açar məqamlara təsadüf edib. Oyunun 14-cü dəqiqəsində meydan sahibləri hesabı açıblar, Hamdalla fərqlənib. Cəmi beşcə dəqiqə sonra Ronaldo penaltidən bərabərlik qolunu vurub. 38-ci dəqiqədə Taliska qonaqları hesabda önə çıxarıb. Fasilədən sonra isə meydan sahibləri bərabərliyi yaxalayıblar, 52-ci dəqiqədə Hamdalla ikinci qolunu vurub. 68-ci dəqiqədə yenidən Ronaldo səhnəyə çıxıb və meydan sahiblərinin braziliyalı dayaq yarımmüdafiəçisi Fabinyonun meydandan qovulması ilə nəticələnmiş penaltini qola çevirib – 2:3. Bundan sonra “Əl-İttihad”ın müqaviməti qırılıb. Sadio Mane 76-cı və 82-ci dəqiqədə fərqlənməklə, yekun hesabı müəyyənləşdirib – 2:5.
Qələbə sayəsində “Əl-Nəsr” 2-ci pillədə yerini möhkəmlədib. 18 turdan sonra “Nəcd cəngavərləri”nin 43 xalı var. Çempionata 50 xalla məğlubiyyət nə demək olduğunu bilməyən “Əl-Hilal” başçılıq edir.
Ronlaldo milli çempionatın ən sərrast futbolçusudur – 19 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var və bu göstəricidə Ronaldo “Əl-Taavun”un yarımmüdafiəçisi Alvaro Medranla şərikli liderdir. Qol və məhsuldar ötürmələr cəmi üzrə isə Ronaldo milli çempionatın ən səmərəli futbolçusudur – 28 xal (19 qol və 9 məhsuldar ötürmə).
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 23 qol vurub, 11 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


