Fransız keçmiş hücumçu Kristof Düqarri PSJ-nin cari mövsümdə ispan mütəxəssis Luis Enikenin rəhbərliyi altında çıxışını tənqid edib.
Arena.az “TMW Radio”ya istinadən, Düqarrinin bu barədə fikrini təqdim edir:
“Mən Enrikenin dörd mərkəz yarımmüdafiəçisi və Barkola və Dembele ilə 4-4-2 sxemi əsasında belə bir gözlənilməz hücumu təqdim etmək qərarını başa düşmürəm. Bu, onun ağlına necə gələ bilərdi?
Məşqçi komandaya cavabdehdir, futbolçuları seçir, ilhamlandırır. PSJ-nin baş məşqçisi heç vaxt Luis Enrike qədər sərbəstliyə malik olmayıb. O, öz dövründəki Lui Van Qal kimi özünü dahi hesab edir, amma bu, heç də doğru deyil. Messi və Neymar kimi oyunçularsız, onlar sadəcə bacarıqsızdırlar”, deyə Kristof Düqarri narazılıqla bildirib.
Xatırladaq ki, Fransa Liqa 1-in 12 turundan sonra 32 xal toplamış PSJ yarış cədvəlinin zirvəsində qərarlaşıb. Paris klubu ən yaxın izləyicisi “Monako”nu (26 xal) 6 xal qabaqlayır.
Buna rəğmən, Fransa nəhənginin Çempionlar Liqasında vəziyyəti ürəkaçan deyil. Mötəbər yarışın Liqa mərhələsinin 5 turundan sonra 4 xal toplamış PSJ yarış cədvəlinin 25-ci pilləsində qərarlaşıb ki, bu mənzərə Paris klubunun yarışın növbəti, ələmə mərhələsindən kənarda qalmasını şərtləndirir. PSJ-nin növbəti 3 oyunda yaranmış çətin vəziyyəti öz xeyrinə dəyişmək imkanı öz əlindədir.
Xatırladaq ki, Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Enrike PSJ-ni ümumilikdə 70 oyuna çıxarıb. Parislilər 45 qələbə qazanıblar, 15 heç-heçə ediblər və 10 oyunda məğlubiyyətə üzülüblər.
Luis Enrike PSJ ilə 2023/2024-cü illər mövsümündə “qızıl üçlük” əldə edib – Fransa Liqa 1-in, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub.


