İtaliyanın “İnter” klubunun albaniyalı dayaq yarımmüdafiəçisi Kristyan Asllani bundan sonra “Torino”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə Turin klubunun rəsmi saytına istinadən xəbər verir.
“Torino” 23 yaşlı futbolçunu 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Turinlilər bir mövsümlük icarə üçün “İnter”ə 1,3 milyon avro ödəyəcəklər. Transfer hüquqları alınacağı halda, Asllani 2029-cu ilin 30 iyununadək “Torino”da çıxış etməlidir. Birdəfəlik transfer üçün əlavə 11,5 milyon avro ödəmək lazım gələcək.
Kristyan Asllani “Empoli”nin yetirməsidir. 2022-ci ildən “İnter”də çıxış edən futbolçu bu komandanın heyətində meydana çıxdığı 99 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Albaniyalı futbolçunun Milan klubu ilə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.
Asllani “İnter”lə İtaliya çempionu (2023/2024), İtaliya Kubokunun (2022/2023) və İtaliya Super Kubokunun (2022/2023 və 2023/2024) qalibi olub.
Yarımmüdafiəçi Albaniya yığmasında da 33 oyuna çıxıb, 3 qol və 2 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.



