İspaniya Kral Kubokunun 1/4 finalında “Atletik” – “Barselona” oyunu (4:2) “blauqrana”nın sağ vingeri Lamin Yamal üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, oyunun 32-ci dəqiqəsində “blauqrana”nın cavab qolunu vurmuş Yamal XXI əsrdə İspaniya Kral Kubokunda qol vurmuş ən gənc futbolçu olub.
Yamal bu nailiyyətinə 16 yaş 195 günlüyündə imza atıb. Müvafiq rekordun əvvəlki sahibi isə “Malaqa”nın futbolçusu Xuanmi Ximenes olub. Ximenes 2010-cu ildə yarışın 1/8 final mərhələsində “Xetafe”yə qarşı oyunda 16 yaş 238 günlüyündə qol vurmuşdu.
Lamin Yamal “Barselona”nın yetirməsidir və 2022/2023 mövsümündən Kataloniya klubunun əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 4 oyun keçirib, 2 qol vurub.
“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


