Lamin Yamal: “Mən həmişə DÇ-yə düşməyi arzulamışam”

İspaniya millisinin hücumçusu Lamin Yamal dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, ərəblər üzərində qazanılmış 4:0 hesablı qələbədən sonra təəssüratlarını bölüşüb.

18 yaşlı futbolçu komandanın ilk turdakı uğursuzluqdan nəticə çıxardığını və hazırda daha yaxşı vəziyyətdə olduqlarını bildirib.

“Biz oyunun ilk hissəsini keçirib bir qədər dincəlməyi planlaşdırmışdıq, amma əsas məqsəd komandaya kömək etmək idi. İlk oyunda özümüz kimi deyildik, lakin indi formaya düşmüşük və daha artığını etməyə hazırıq.

Hər şey istədiyimiz kimi alındı: üç top fərqi ilə üstünlük qazanmağımız mənə dincəlmək imkanı verdi. Buna görə də hər şey ideal keçdi. Qalib gəlməli olduğunu düşündüyün oyunda heç-heçə etmək xoş deyil. Biz bu barədə çox düşündük və bu matça məhz istədiyimiz şəkildə yanaşdıq”.

Gənc futbolçu dünya çempionatında start heyətində çıxdığı ilk oyunda qol vurmağın onun üçün xüsusi məna daşıdığını vurğulayıb.

“Mən həmişə dünya çempionatına düşməyi arzulamışam. Start heyətində keçirdiyim ilk mundial oyununda qol vurmaq sadəcə bir xəyaldır. Son dünya çempionatını məktəbdə sinif otağında izləyirdim. İndi isə burada, anamın və bütün ailəmin gözü qarşısında qol vurmaq sadəcə möhtəşəm hissdir”.

Yamal “Barselona”nın yetirməsidir və 2023-cü ilin aprel ayından əsas komandada çıxış edir. Gənc futbolçu Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), iki dəfə İspaniya Super Kubokunun qalibi (2025, 2026), bir dəfə isə ölkə kubokunun sahibi (2025) olub.

Lamin Yamal İspaniya millisinin heyətində keçirdiyi 27 oyunda 7 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: