Azərbaycanın “LANDAU Lions” basketbol komandası bu gün avrokubokların 2026/2027-ci illər mövsümündə mübarizəyə start verib.
Arena.az xəbər verir ki, sözügedən komanda FIBA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Latviyanın “Riqa” kollektivi ilə üz-üzə gəlib.
Bolqarıstanın Samokov şəhərində təşkil edilmiş qarşılaşma rəqibin qələbəsi ilə bitib – 105:88.
Nəticədəə Çempionlar Liqası ilə erkən vidalaşan Azərbaycan təmsilçisi yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.
Xatırladaq ki, Azərbaycanın digər təmsilçisi “Sabah” bu mövsüm FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.
“LANDAU Lions” komandasının baş məqşçisi Erhan Toker Latviya təmsilçisi ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib. O, məğlubiyyətə belə aydınlıq gətirib:
“İlk iki dövrəni daha yaxşı çıxış etdik. İkinci yarıda bir qədər oyundan qopduq. Təbii ki, bu bizim hazır olmamağımızdan da qaynaqlana bilər. Bu, sadəcə ikinci oyunumuz idi. Hələ də komandada rollar bəlli deyil. Mənnun olduğum və razı qalmadığım tərəflər var. Müdafiədə daha sərt oynamalı idik. Yekunda matçdan razı, amma nəticədən narazı qaldım. Bizim üçün faydalı oyun oldu. Basketbolçularımız yaxşı mübarizə apardılar. FIBA Avropa Liqasına hazırlaşacağıq”.


