Laporta: “Deku “Barselona”nı 160 milyon avro qabağa saldı”

“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın idman direktoru Dekunun keyfiyyətli iş fəaliyyəti haqda danışıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, ispan məmurun bu barədə fikrini təqdim edir:

“Komandadan və “Hansi” Flikin işindən, həmçinin komandanın əməkhaqqı fondunu 160 milyon avro məbləğində ixtisar etmiş idman direktorumuz Dekunun fəaliyyətindən çox razıyıq. Əvvəllər futbolçuların maaşlarının klubun ümumi gəlirlərinə nisbəti 91% idisə, hazırda 53%-dir. Bundan əlavə, 80 milyon avro məbləğ dəyərində oyunçu satmışıq”, deyə Laporta bildirib.

Yeri gəlmişkən, Laporta klubun hazırda müqavilə müddətini uzatmağı nəzərdə tutduğu futbolçuların adlarını çəkib:

“Biz Arauxo, De Yonq və Pedri ilə yeni müqavilələr üzərində işləyirik. Qavi ilə müqavilənin də müddətinin uzadılacağını təsdiq edə bilərəm”, deyə Laporta bildirib.

İspaniya La Liqasının 9 turundan sonra “Barselona” 24 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: