İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”dan Alessio Romanyolini, Madrid “Real”ından Mario Xilanı, “Qranada”dan isə Luis Maksimianonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alessio Romanyoli və Mario Xila ilə 5, Luis Maksimiano ilə də 4 illik müqavilə imzalanıb. Paytaxt təmsilçisi Romanyolinin transferi üçün “Milan”a heç bir təzminat ödəməyib. Buna futbolçunun sözügedən klubdan azad agent kimi ayrılması şərait yaradıb. Mario Xilanın keçidi romalılara 6 milyon, Luis Maksimianonun keçidi isə 10.5 milyon avroya başa gəlib.
Maraqlıdır ki, Romanyoli “Latsio”nun əzəli rəqibi olan “Roma”nın yetirməsidir. O, paytaxt klubunda çıxış etdiyi dönəmdə “Sampdoriya”da da icarədə oynayıb. 2015-ci ildə isə “Roma” mərkəz müdafiəçisini “Milan”a satmışdı. 27 yaşlı futbolçu Milan təmsilçisinin heyətində meydana çıxdığı 247 oyunda 10 qol vurub. O, İtaliya millisində də 12 oyuna çıxıb, 2 qola imza atıb.
Luis Maksimiano isə Portuqaliyanın “Sportinq” klubunun yetirməsidir. O, peşəkar karyerasına da məhz bu komandada başlayıb. 2021-ci ildən isə portuqaliyalı qolkiper “Qranada”da forma geyinirdi. 23 yaşlı qapıçı İspaniya təmsilçisinin heyətində geridə qalan mövsümdə 35 matça çıxıb.
Mario Xila isə “Real”ın öz yetirməsidir. İspaniyadan olan 21 yaşlı futbolçu İspaniya klubunda daha çox əvəzedici komandada forma geyinib. Mərkəz müdafiəçisi olan Xila, Madrid təmsilçisinin əsas komandasında cəmi 2 oyuna çıxıb.
Paytaxt klubu cənubi amerikalılarla vidalaşdı
“Latsio” iki futbolçusu ilə də yollarını ayırıb. Bunlardan biri Lukas Leyvadır. Braziliyadan olan 35 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmasına ehtiyac duyulmayb. Təcrübəli futbolçu azad agent kimi ölkəsinin “Qremio” klubuna keçib və 2023-cü ilin yayına kimi müqavilə bağlayıb. Hansı ki, o, məhz bu klubun yetirməsidir. Lukas Leyva 2007-ci ildə “Qremio”dan ayrılaraq İngiltərənin “Liverpul” klubuna transfer olunmuş və düz 10 il Premyer Liqa təmsilçisnin uğurları üçün çalışmışdı. Dayaq yarımmüdafiəçisi 2017-ci ildən formasını geyindiyi “Latsio”da 198 matça çıxıb, 4 qol vurub. Leyva Braziliya millisində də 24 matça çıxıb.
“Latsio” argentinalı müdafiəçisi Tyaqo Kasasola ilə də vidalaşıb. 26 yaşlı futbolçu İtaliyanın digər klubu “Peruca”ya transfer olunub. Karyerasının ilk illərində “Fulhem” və “Roma” kimi klublarla müqavilə bağlamış futbolçu, bu komandalarda möhkəmlənə bilməyib. “Komo, “Trapani”, “Alessandriya”, “Salernitana” kimi komandaların formasını geyindikdən sonra 2019-cu ildə “Latsio”ya keçən futbolçu, burada da eyni aqibəti yaşayıb. O, bu klubun da əsas komandasında oynamaq şansı qazanmayıb. Əvəzində mərkəz müdafiəçisi yenə “Salernitana”, “Kosensa”, “Frozinone” və “Kremoneze”də icarədə oynamaq məcburiyyətində qalıb.


