Xorvatiyadan olan futbol mütəxəssisi İqor Tudor İtaliyanın “Latsio” komandasının baş məşqçisi postundan ayrılıb.
Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
46 yaşlı mütəxəssis öz istəyi ilə vəzifəsindən gedib. Bu üzdən də paytaxt klubu yeni baş məşqçi axtarışına çıxıb.
Xatırladaq ki, İqor Tudor bu il martın 18-də paytaxt təmsilçisinin baş məşqçisi təyin edilmişdi. O, bu postda italiyalı Mauritsio Sarrini əvəzləmişdi. Xorvatiyalı mütəxəssis bu komandanı cəmi 11 oyuna çıxarıb. Romalılar bu görüşlərdə 6 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət görüblər.
“Latsio” Tudorun rəhbərliyi altında A Seriyasının 2023/2024 mövsümünü 61 xalla 7-ci pillədə başa vurub. Komanda bu nəticə ilə növbəti mövsümdə Avropa Liqasında iştirak hüququ qazanıb.
Xatırladaq ki, İqor Tudor daha öncə İtaliyada “Verona”, “Udineze” kimi klubları da çalışdırıb. Xorvat mütəxəssis “Hayduk” (Split), “Qalatasaray”, “Karabükspor”, PAOK, “Olimpik” (Marsel) kimi komandaların da baş məşqçisi olub.


