Leon Baloqun “Seltik” azarkeşlərinə tüpürdü – Video

“Reyncers”in nigeriyalı müdafiəçisi Leon Baloqun ədəb-ərkandan uzaq davranışı ilə nəinki rəqib, hətta öz klub azarkeşlərini hiddətləndirib.

Arena.az məlumat verir ki, Şotlandiya Premyerşipinin 21-ci turu çərçivəsində “Reyncers”in əzəli rəqibi “Seltik”ə qarşı səfər oyununda Baloqun “qanacağını” göstərib.

Belə ki, oyunun 71-ci dəqiqəsində hesab 2:0 meydan sahiblərinin xeyrinə ikən, Baloqun hisslərini cilovlaya bilməyib və kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Ahəstəgəl surətdə meydanı tərk edən Baloqun, kodud oyununa görə onu fitə basan “Seltik” azarkeşlərinin yanından ötüb tribunalaraltı məkana daxil olarkən, kütlə istiqamətinə etinasız surətdə tüpürüb.

Bu məqam azarkeşləri daha da qızışdırıb. Videoyayım zamanı “qəhrəmanımız”ın geniş şəkildə ictimailəşmiş əməli “Reyncers” azarkeşlərinin də Baloquna qarşı hiddətinə səbəb olub. Belə ki, müvafiq davranışdan ilk növbədə klub cəza yeyəcək. Öz növbəsində “Reyncers”in öz “tüpürcək torbası”nı tənqid edəcəyi və cəzalandıracağı arıtq məlumdur.

Oyunun nəticəsinə gəlincə, “Reyncers” 1:2 hesabı ilə məğlub olaraq, prinsipial səfərdən əliboş dönüb.

Şotlandiya çempionatının 21-ci turundan sonra “Seltik” 51 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Reyncers” 19 oyundan 43 xalla 2-ci pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: