Leonardo Bonuççi baş məşqçi ilə münaqişə edib?

“Union Berlin”in italyan mərkəz müdafiəçisi Leonardo Bonuççi komandanın baş məşqçisi Urs Fişerlə münaqişəsi ilə bağlı şayiələri puç edib.

Arena.az “Sport.es” dərgisinə istinadən Bonuççinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən hər gün məşqçi ilə yaradıcı söhbətlər edirəm, komandada məni çox yaxşı qarşıladılar və biz mütləq hamımız bu vəziyyətdən çıxmaq istəyirik. Şübhəsiz ki, oynamaq istəyi çox böyük idi, amma hər bir insan komandanın maraqlarını müdafiə etmək üçün əlindən gələni etməlidir”, deyə Bonuççi vəziyyəti şərh edib.

Bonuççi ilə Fişer arasında münaqişə haqda söz-söhbətlər komandanın 0:1 hesabı ilə uduzduğu Çempionlar Liqasının “Napoli” ilə oyunundan qaynaqlanır. İsveçrəli mütəxəssis Fişerin italiyan müdafiəçini meydana buraxmaması mənzərəsində Berlin təmsilçisinin məğlubiyyəti, mətubatda futbolçu ilə məşqçi arasında anlaşılmazlıq və münaqişəyə dəlili olaraq yozulurdu. Vurğulayaq ki, bu, Berlin təmsilçisinin bütün cari mövsüm ərzində ardıcıl 9-cu məğlubiyyəti olub.

36 yaşlı Bonuççi bu ilin yay transfer pəncərəsində “Yuventus” rəhbərliyi və məşqçilər qərargahı ilə fikir ayrılığı səbəbilə “qoca sinyora”dan ayrılıb və azad agent qismində “Union Berlin”ə keçib. Tərəflər arasına 1 illik – müddəti 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Cari mövsümdə Bonuççi “dəmir ittifaq”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub.

Bonuççinin karyerası İtaliya klublarında keçib. Müdafiəçinin futbolda yüksəlişi “Yuventus”un adı ilə bağlıdır. 2010-cı ildə “qoca sinyora”ya qoşulmuş Bonuççi 2017/2018 mövsümünü keçdiyi “Milan”da oynayaraq, yenidən Turin klubuna qayıdıb. Onun “Yuventus”dakı ümumi statistikası belədir: 502 oyun, 37 qol, 10 məhsuldar ötürmə.

Leonardo Bonuççi İtaliya yığmasının heyətində 2010-cu ilin mart ayında debüt edib və millidə 121 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib. Bonuççu “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı Bonuççini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: