Leonardo Sempliçi “Spetsiya”ya baş məşqçi təyin olundu

İtaliya A Seriyasında mübarizə aparan “Spetsiya” komandasının yeni baş məşqçisi postuna Leonardo Sempliçi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub. 55 yaşlı mütəxəssisin fəaliyyəti uğurlu alınsa, yayda onunla yeni sözləşmə imzalanacaq.

Sempliçi “Spetsiya”nın baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Luka Qottini əvəzləyib. Hansı ki, onun istefasına komandanın uğursuz çıxışı səbəb göstərilmişdi. 2022-ci ilin yayında bu komadaya gətirilən Qottinin müqaviləsinin müddəti 3 illik idi. Amma tərəflərin işbirliyi cəmi 7 ay davam edib.

Luka Qotti “Spetsiya”nı bütövlükdə 25 oyuna çıxarıb. Komanda bu oyunlarda 6 qələbə qazanıb, 7 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. “Spetsiya” A Seriyasında bu mövsüm keçirdiyi 23 oyunda cəmi 19 xal toplayıb. Komanda 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Leonardo Sempliçi isə son olaraq “Kalyari”ni çalışdırıb. O, 2021-ci ilin sentyabrında bu klubdan ayrılandan bəri işsiz idi. Təcrübəli məşqçi daha öncə SPAL, “Piza”, “Aretso”, “Filyine” və “Sanciminyano” kimi komandalara da rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: