“Lester Siti” 95 milyon avro ziyana uğradı

Lester Siti” klubu İngiltərə Premyer Liqasından aşağı liqaya yuvarlanmaqla 7 futbolçusunun xidmətindən məhrum olub.

Arena.az xəbər verir ki, futbolçular komandanı azad agent statusunda tərk ediblər.

Onların ümumi transfer məbləği isə 95 milyon avrodur.

Mövsümün sonunda komandanı müdafiəçilər Çağlar Söyüncü (15 milyon avro) və Rayan Bertrand (1 milyon avro), həmçinin yarımmüdafiəçilər Daniel Amarti (15 milyon avro), Yuri Tilemans (30 milyon avro), Nampali Mendi (4 milyon avro), Tete (25 milyon avro) və Ayose Peres (5 milyon avro) tərk ediblər.

Futbolçuların qiyməti “Transfermarkt” internet-portalının məlumatları əsasında göstərilib.

Xatırladaq ki, 2022/2023 mövsümünün sonunda lesterlilər Premyer Liqada 18-ci yeri tutaraq Çempionşipə yuvarlanıblar. Komanda 38 oyunda 9 qələbə, 7 heç-heçə və 22 məğlubiyyət görüb. Yekunda cəmi 34 xal toplamış klub elita ilə vidalaşmaq məcburiyyətində qalıb.

Vurğulayaq ki, “Lester Siti” 2015/2016 mövsümündə italyan mütəxəssis Klaudio Ranyerinin rəhbərliyi altında sensasiyalı surətdə İngiltərə Premyer Liqasının qalibi olub.