“Lester Siti” Premyer Liqanın antirekordunu müəyyənləşdirdi

Futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunun “Brentford”la ev oyunu “Lester Siti” üçün xoşagəlməz nəticə ilə başa çatıb.

Arena.az məlumat verir ki, “bal arıları” bu oyunda “tülkülər”i dörd dəfə “sancıblar” – 4:0.

Beləliklə niderlandlı mütəxəssis Rud van Nistelrooyun çalışdırdığı “Lester Siti” İngiltərə Premyer Liqasının antirekorduna imza atıb. Belə ki, “tülkülər” ev oyunlarında qol vurmadan ardıcıl 6-cı məğlubiyyəti yaşayıblar ki, bu da İngiltərə Premyer Liqasının mütləq antirekordudur.

“Brentford”a qədər Lester təmsilçisi doğma meydanda “Arsenal” (0:2), “Fulhem” (0:2), “Kristal Pelas” (0:2), “Manester Siti” (0:2) və “Vulverhempton”la (0:3) oyunlarda “quru” hesabla peşman olub.
Göründüyü kimi, “tülkülər” şəxsi antirekordlarını daha da “təkmilləşdirə” bilərlər.

26 oyunda topladığı 17 xalla “Lester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin sonuncudan əvvəlki, 19-cu pilləsində qərarlaşıb.

Premyer Liqaya 61 xalla “Liverpul” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: