İngiltərənin “Lester Siti” klubu hələ Çempionşipdə çıxış edərkən xərclərin məsrəfi haqda qaydaları pozduğuna görə cərimələnə bilər.
Arena.az “The Sun” dərgisinə istinadən məlumat verir ki, cərimə İngiltərə Premyer Liqasının cari mövsümündə yarış cədvəlində 2 xaldan məhrum edilməsi şəklində tətbiq edilə bilər.
Mənbənin məlumatına görə, İngiltərə Futbol Liqası (EFL) “Lester Siti” ilə bağlı apardığı araşdırmanın nəticələrini İngiltərə Premyer Liqasına göndərib. Lester təmsilçisi hələ Premyer Liqada çıxış etdiyi 2022/2023-cü illər mövsümündə maliyyə qaydalarını pozmaqda ittiham edilmişdi. “Tülkülər” Çempionşipə yuvarlandıqdan sonra yerli futbol rəhbərliyi onların iqtisadi sahədəki fəaliyyətini izləməyə davam edib. 2023/2024-cü illər mövsümündə İngiltərə Futbol Liqası yenidən bu klubun maliyyə vəziyyəti ilə bağlı təhqiqata başlamışdı.
Xatırladaq ki, ötən mövsümün yekununa əsasən “tülkülər” Çempionşipdən Premyer Liqaya çempion olaraq yüksəlməyi bacarıblar.


