“Barselona”nın hücumçusu Robert Levandovski ispan mütəxəssis Xavinin “blauqrana”nın baş məşqçisi kimi fəaliyyətindən danışıb.
Arena.az polyak hücumçunun bu barədə fikirlərini təqdim edir:
“Barselona”nın baş məşqçisi olmaq Xavi üçün çox çətindir, çünki o, hədsiz duyğusal insandır. Onun üçün “Barselona” sadəcə bir klub deyil. Başa düşürəm ki, bu, onun ailəsi üçün də asan deyil. Bununla belə, birlikdə oynamaq, eyni istiqamətdə hərəkət etmək və oyunlarda qalib gəlmək lazımdır”, deyə Levandovski Xaviyə dəstək nümayiş etdirib.
Xatırladaq ki, Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Amma Xavi 2023/2024 mövsümünün başa çatması ilə “Barselona”dan ayrılmağa qərar verib. Klub və ispan mütəxəssis bu qərarı rəsmən açıqlayıblar.
“Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.
“Barselona” Xavinin rəhbərliyi altında indiyə qədər 128 oyuna çıxıb. Bu görüşlərdə 80 qələəb qazanmış Kataloniya təmsilçisi 22 heç-heçə edib, 26 məğlubiyyətə üzülüb.
“Barselona” bu mövsüm İspaniya La Liqasında 26 oyuna topladığı 57 xalla 3-cü pillədə qərarlaşıb. Xavinin komandası 59 xala malik “Jirona” və 65 xalla lider olan “Real”dan geri qalır.


