Levandovskinin “vuran ayağı” “Barselona”nın cibinə ziyan vurur

“Barselona” “blauqrana”nın polyak mərkəz hücumçusu Robert Levandovskinin məhsuldarlığı müqabilində “Bayern”ə əlavə üstəlik ödəyəcək.

Arena.az bu barədə “Sport Bild” dərgisinə istinadən məlumat verir.

Üstəlik haqqının 1,25 milyon avro məbləğində olduğu bildirilir.

Mənbənin məlumatına görə, Levandovski “Bayern”dən transfer edilərkən, müqaviləyə hücumçunun ən azı 25 qol vurduğu hər mövsüm üçün Almaniya nəhənginin xəzinəsinə 1,25 milyon avro məbləğində üstəlik ödənilməsi nəzərdə tutulub.

Levandovski hazırda cari mövsümdə 25 qol vurduğu üçün “Barselona” sözügedən məbləği “Bayern”ə ödəməyə mükəlləfdir.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması inkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 25 qol vurub, 9 məhsuldar ötürmə verib. Levandovskinin “blauqrana”nın heyətində çıxışı rəqəmlərin gözü ilə belə təsvir yaradır: 94 oyun, 58 qol, 17 məhsuldar ötürmə.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 148 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı polyak mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: