Lionel Messi İspaniya klubunu alır

Səkkizqat “Qızıl top” sahibi Lionel Messi İspaniyanın “Eldense” klubunu satın almaq barədə prinsipial razılığa gəlib.

Arena.az xəbər verir ki, argentinalı futbolçu komandanın hazırkı sahibləri ilə razılığa gəlib və klubu üçüncü tərəflərin iştirakı olmadan səhmlərin 100 faizini əldə edəcək.

Bu barədə “Marca” qəzeti məlumat yayıb.

Məlumata görə, bu biznes layihəsinin əsas məqsədi Messinin futboldakı irsini bu sahəyə yatırmaq istəyidir. İspaniya çempionatının ikinci səviyyəsində çıxış edən “Eldense” Alikante əyalətində, Kataloniyadan uzaq olmayan ərazidə yerləşir. Messi peşəkar karyerasını başa vurduqdan sonra burada yaşamağı planlaşdırır.

Razılaşma baş tutarsa, Messi 2026-cı ildə ikinci klubun sahibi olacaq. Apreldə argentinalı futbolçunun Kataloniyada yerləşən “Kornelya” klubunun sahibi olduğu açıqlanmışdı.

Lionel Messi 39 yaşındadır və 2023-cü ildən ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir. Avropada argentinalı PSJ və “Barselona”nın formasını geyinib. “Barselona” ilə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Superkubokunu və üç dəfə Klublararası Dünya Kubokunu qazanıb.

Messi 2022-ci ilin dünya çempionudur. O, 2014 və 2026-cı illərdə dünya çempionatının gümüş medalını qazanıb, 2008-ci ildə olimpiya çempionu olub, 2021 və 2024-cü illərdə Amerika Kubokunu əldə edib. Argentinalı futbolçu “Qızıl top”u ən çox qazanan oyunçudur.

Messi Argentina millisində 207 oyun keçirib və 125 qol vurub. Hər iki göstəricidə milli komandanın rekordçusudur. Hücumçu altı dünya çempionatında iştirak edib. Argentina millisi 2026-cı il mundialında finala yüksəldikdən sonra Messi milli komandanın heyətində karyerasını başa vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: