Lionel Messi Serxio Ramosa çatdı

Futbol üzrə İspaniya La Liqasının 30-cu turu çərçivəsində baş tutan “Real”la səfər oyunu “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, argentinalı futbolçu Madrid təmsilçisinə qarşı 45-ci oyununu keçirib. Bununla da Messi “el klasiko”larda keçirdiyi oyun sayında “Real”ın müdafiəçisi Serxio Ramosa çatıb. Bu komandalar arasındakı oyunlarda ən çox forma geyinən futbolçu məhz ispan futbolçudur. Lakin o, zədə səbəbindən ötən gecə baş tutan qarşılaşmanı kənardan izləmək məcburiyyətində qalıb. Bu da Messinin Ramosa çatmasına imkan yaradıb.

Xatırladaq ki, Messi “Real”a qarşı ilk oyununu 2005-ci ilin 19 noyabrında keçirib. “Barselona” həmin matçda 3:0 hesablı qələbəyə sevinib.

Lionel Messi “el klasiko”larda oyun sayına görə Serxio Ramosa şərik olsa da, əzəli rəqiblə son oyunlardakı qol susqunluğunu yenə poza bilməyib. 33 yaşlı hücumçu Madrid təmsilçisi ilə son yeddi matçda nə qol vura, nə də məhsuldar ötürmə edə bilib. O, 2018-ci ilin mayından “Real”la matçlarda fərqlənə bilimir. Argentina millisinin üzvü sonuncu dəfə 2018-ci ildə – Kristiano Ronaldo “Real”da çıxış edərkən məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Barselona” “Real”la son matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Messi bu görüşdə 90 dəqiqə meydanda olub.

“Barselona” hazırda İspaniya La Liqasında 30 oyuna topladığı 65 xalla üçüncü pillədə qərarlaşıb. “Real” 66 xalla zirvədə qərarlaşıb. Madrid “Atletiko”su da eyni xalla zirvəyə şərikdir. Lakin paytaxt klubu bu gecə “Betis”lə səfər oyununda xal və ya xallar qazanmaqla yenidən vahid liderə çevrilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: