Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasının baş məşqçisi, fransalı mütəxəssis Loran Blan istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Blan Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son turunda “Əl-Nəsr”ə məğlubiyyətdən (0:2) sonra postundan qovulub.
Fransa millisinin sabiq baş məşqçisi 2024-cü ilin iyul ayından “Əl-İttihad”ı çalışdırırdı. Komanda onun rəhbərliyi altında ilk mövsümündə Peşəkar Liqanın və Kral Kubokunun qalibi olub. “Əl-İttihad” bu mövsüm Səudiyyə Ərəbistanı çempionatına ardıcıl üç qələbə ilə başlayıb və yalnız son turda uduzub. Komanda 4 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Loran Blan Fransanın “Olimpik” (Lion), PSJ, “Bordo” və Qətərin “Ər-Rayyan” komandalarını çalışdırıb, həmçinin Fransa yığmasına rəhbərlik edib.


