PAOK-un baş məşqçisi Razvan Luçesku rəqib azarkeşlərlə dava etməyə cəhd etdiyi üçün 4 aylıq müddətə diskvalifikasiya edilib.
Arena.az bu barədə PAOK-un rəsmi saytına istinadən məlumat verir:
“Şəxsi hücumların nümunəsinə çevrilmiş nizam-intizam komitəsi baş məşqçini demək olar ki, mövsümün sonuna qədər oyunlarda iştirakdan kənarlaşdırmaqla, PAOK-u məhv etməyə çalışır.
Hakimlərin qərarı Yunanıstan futbolunun bütün əzablarını “zəhlətökən” Luçeskunun üzərinə atmaq istəyən siyasətin nəticəsidir. Hadisə zamanı paltardəyişmə otağında olan fizioterapevt Afanasios Kapulasın adının bu işdə yer alması sübut edir ki, hakimlər videoya belə, baxmayıblar. Onlar sadəcə AEK-in uydurmalarla dolu şikayətinə göz zilləyiblər”, – PAOK-un açıqlamasında bildirilir.
Bildirilir ki, dekabr ayının 18-də Yunanıstan Kubokunun 1/4 final mərhələsi çərçivəsində AEK – PAOK oyunundan (1:0) sonra AEK azarkeşlərinin təxribatlarının ardınca Luçesku və onun heyətinin üzvləri klub avtobusundan qaçaraq çıxıblar və rəqib azarkeşlərlə dava-dalaşa cəhd ediblər. Mərəkəyə polis müdaxilə etməli olub.
Diskvalifikasiyadan əlavə, Luçesku və köməkçiləri Pantelis Konstantinidis, Georgios Tzanakis, Georgios Teodoridis və Afanasios Kapulas 15 min avro məbləğində cərimələniblər. Üstəlik, PAOK daha 30 min avro məbləğində cərimə ödəməlidir.


