Lui van Qal “Ayaks”dakı vəzifəsindən ayrıldı

Niderland futbolunun əfsanəvi simalarından olan Lui van Qal Amsterdamın “Ayaks” klubunda Müşahidə Şurasının müşaviri vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Bildirilib ki, 74 yaşlı mütəxəssis qərarını klub rəhbərliyinə təqdim edib və səlahiyyətlərinə xitam verib. Van Qal 2023-cü ilin oktyabrında doğma klubunun strukturuna qayıtmış və həmin vaxtdan etibarən Müşahidə Şurasına idman və futbol fəaliyyəti ilə bağlı müxtəlif məsələlər üzrə məsləhətlər verirdi.

“Ayaks”ın yaydığı bəyanatda deyilir:

“Müşahidə Şurası Lui van Qalın qərarını böyük təəssüflə qarşılayır, lakin buna tam anlayışla yanaşır. Klub çətin dövrdə göstərdiyi xidmətlərə və əvəzsiz töhfəsinə görə ona səmimi təşəkkürünü bildirir”.

Lui Van Qal məşqçilik karyerası ərzində dünya futbolunun ən nüfuzlu simalarından biri kimi tanınıb. O, Niderland millisindən başqa, “Ayaks”, “Barselona”, “Alkmaar”, “Bayern” və “Mançester Yunayted” kimi məşhur klublara rəhbərlik edib.

Təcrübəli mütəxəssis “Ayaks”la 1994/1995 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin klubla çoxsaylı ölkə çempionluğu və kuboklar qazanıb. O, Niderland millisini üç fərqli dövrdə çalışdırıb və komandanı 2014-cü il dünya çempionatında bürünc medallara daşıyıb.

Xatırladaq ki, Van Qal ötən il prostat xərçənginə qalib gəldiyini və xəstəliyi tamamilə geridə qoyduğunu açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: