Luis Enrike PSJ-də ilinə 20 milyon avro qazanacaq

İspaniyalı futbol mütəxəssisi Luis Enrike Fransa çempionu PSJ ilə yeni müqaviləsi əsasında ilinə 20 milyon avro maaş alacaq.

Arena.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

2030-cu ilin yayına qədər nəzərdə tutulmuş yeni müqaviləyə əsasən, ispaniyalı mütəxəssis vergilər çıxılmamış 20 milyon avro qazanacaq.

Luis Enrikenin əvvəlki müqaviləsi üzrə illik qazancı vergilər çıxılmamış təxminən 12 milyon avro təşkil edirdi. Beləliklə, PSJ rəhbərliyi baş məşqçinin maaşını əhəmiyyətli dərəcədə artırıb.

Klub rəhbərliyi yeni məbləğin Luis Enrikenin komandanın uğurlarındakı töhfəsinə və statusuna uyğun olduğunu düşünür. PSJ prezidenti Nasser Əl-Xələifi də ispaniyalı mütəxəssisə tam etimad göstərdiyini bildirərək onu hazırda “dünyanın ən yaxşı məşqçisi” adlandırıb.

PSJ yeni müqavilənin imzalandığını sentyabrın 4-də rəsmən açıqlayıb.

Luis Enrike 2023-cü ilin yayından Paris klubuna rəhbərlik edir. Onun rəhbərliyi altında PSJ həm ölkə daxilində, həm də beynəlxalq arenada böyük uğurlar qazanıb.

Paris təmsilçisi Enrikenin rəhbərliyi altında 2024/25 və 2025/26 mövsümlərində iki dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin UEFA Superkubokunu qazanıb.

Fransada isə PSJ ardıcıl 3 dəfə Liqa 1 çempionu olub, 3 dəfə ölkə super kubokunu və 2 dəfə Fransa Kubokunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: