PSJ-nin baş məşqçisi Luis Enrike həmvətəni, ispan mütəxəssis Xavinin “Barselona”nın baş məşqçisi vəzifəsində fəaliyyəti haqda sərt danışıb.
Arena.az “Barça Universal” dərgisinə istinadən, ispan mütəxəssisin həmkarının fəaliyyəti haqda fikrini təqdim edir:
“Barselona” üstünlük saxlayan komanda deyildi, onlar müdafiədə etibarlı oyun üçün keyfiyyətə malik deyildilər. Onlar əsasən uzun ötürmələrə güvənirdilər – Ter Ştegen isə artıq bu göstəricilər üzrə rekord vurmuşdu. Onlar “Eybar” kimi oynayırdılar!”, deyə Luis Enrike “yıxılmış” Xaviyə “balta çalıb”.
Vurğulayaq ki, Luis Enrikenin Xavinin “bostanına daş atdığı” bu çıxışından bir parça ötən mövsüm çəkilmiş sənədli filmdə yer alıb.
Xavi Ernandes “Barselona”nın sükanı arxasına 2021-ci ilin noyabrında keçmişdi. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. Amma cari ilin may ayında “Barselona” gözlənilmədən Xavi ilə yollarını ayırdı.
“Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandasına Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.
2022/2023-cü illər mövsümündə Xavi “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.
Xavinin “Barselona”sı İspaniya La Liqasının 2023/2024-cü illər mövsümünü 85 xalla yarış cədvəlinin 2-ci pilləsində başa vuraraq, gümüş mükafatı qazanıb və növbəti mövsümdə Çempionlar Liqasında iştirakını təmin edib.
Xavinin qovulmasından sonra “Barselona” rəhnərliyi “blauqrana”nın sükanını alman mütəxəssis Hans-Diter “Hansi” Flikə tapşırıb.