Formula 1 üzrə yeddiqat dünya çempionu, “Mersedes”in pilotu Luis Hamilton İsrail və Fələstin münaqişəsinə dair şərh verib.
Arena.az məlumat verir ki, Hemilton özünün sosial şəbəkə hesabı üzərindən dərc etdiyi yazısında tərəflər arasında son vaxtlar kəskinləşən münaqişəni dayandırmaq üçün hamını mütəşəkkil birliyə səsləyib:
“Ürəyim İsrail və Fələstində həlak olan günahsız insanlara görə ağrıyır. Davam edən iztirab və itkilərin miqyası həqiqətən dağıdıcıdır. Günahsız insanlara, xüsusən də uşaqlara qəsdən hücumlara heç bir əsas yoxdur. Biz bunu qəbul edə bilmərik.
İndi biz həmişəkindən daha çox bir araya gəlməliyik. Nə qədər ağrı və kədərin baş verdiyini nəzərə alsaq, buna son qoymaq naminə bir yol tapmaq üçün, tamamilə mümkün olan hər şeyi etmək üçün, liderlərimizə təzyiq göstərmək üçün bütün kollektiv gücümüzdən istifadə etməliyik. Bölgədə hər uşaq təhlükəsiz olana qədər dincəlməməliyik”, – Luis Hamilton yazıb.
Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.


