İspaniyanın “Valensiya” klubu heyətini iki yeni futbolçu – vinger Luis Rioxa və mərkəz hücumçusu Dani Qomeslə gücləndirib.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən məlumat verir.
“Valensiya” Rioxanı “Alaves”dən 1,2 milyon avro müqabilində transfer edib. 30 yaşlı ispan futbolçu ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Luis Rioxa “Kabesense”, “Real Madrid” (C), “Selta” (B), “Marbelya”, “Almeriya” kimi klublarda da froma geyinib. 2019-cu ildən “Alaves”də olan və daha çox sol vinger mövqeyində çıxış edən futbolçu, bu komandanın heyətində 189 oyuna 22 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.

Dani Qomes isə “Levante”dən gəlib. “Valensiya” 26 yaşlı forvard bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. La Liqa təmsilçisi forvardın bir illik icarəsi üçün “Levante”yə 150 min avro ödəyəcək.
Dani “Alkorkon” və Madrid “Real”ının futbol akademiyalarından keçib. “Tenerife”də də oynamış futbolçu 2020-ci ildən “Levante”dədir. Hücumçu bu komandada 105 oyuna çıxıb, 16 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə “Espanyol”da da icarədə olmuş Qomes, bu komandada 9 oyun keçirsə də, fərqlənə bilməyib.
Dani vaxtilə İspaniyanın U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas milliyə lazım olmayıb.

Qeyd edək ki, “transfermarkt” internet-portalı 26 yaşlı hücumçunun transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da xatırladaq ki, “Valensiya” La Liqanın 2024/2025 mövsümünə uğursuz başlayıb. Son illər böhranda olan bu komanda yeni mövsümün ilk iki oyunundan xalsız ayrılıb və 20 iştirakçı arasında sonuncudur.


