Luis Suares 16 il sonra doğma klubuna qayıtdı

Bu yay İspaniyanın “Atletiko” (Madrid) klubundan ayrılan Luis Suares özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra karyerasını vətəni Uruqvayda davam etdirəcək.

Belə ki, təcrübəli forvard vaxtilə formasını geyindiyi “Nasional” klubu ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Suares köhnə-yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb. Bununla da o, 16 illik fasilədən sonra yenidən “Nasional”da oynayacaq.

Xatırladaq ki, Luis Suares məhz “Nasional”ın yetirməsidir. O, peşəkar karyerasına da məhz bu komandada başlayıb. 2006-cı ildə isə Niderlandın “Qroningen” klubu gənc hücumçunu 800 min avro qarşılığında Avropaya gətirmişdi. Bu komandada cəmi bir mövsüm oynadıqdan sonra “Ayaks”a, oradan “Liverpul”a transfer olunan Suares, 2014-cü ildə “Barselona”ya keçmişdi. O, məhz Kataloniya təmsilçisindəki çıxışı sayəsində daha da ulduzlaşmışdı. Uruqvaylı forvard 2020-ci ildə “Barselona”dan ayrılaraq “Atletiko”ya keçmişdi.

Suares Uruqvay yığmasında 132 oyun keçirib, 68 qol vurub.