Uruqvaylı mərkəz hücumçusu Luis Suares “Barselona”da Neymar və Lionel Messi ilə birgə oynadığı illərdən xatirələrini paylaşıb.
Arena.az “Varsky” dərgisinə istinadən Suaresin bu barədə fikirlərini təqdim edir:
“İnsanlar deyirdilər ki, üçünüz birlikdə necə oynayacaqsınız? Amma bilirdik ki, hər kəs öz rolunu oynasa, “Barselona”nı möhtəşəm edəcəyik.
Bizim üçlüyümüz uğur qazanmaq istəyirdi, eqoizm yox idi. Neymar və ya Messi qol vuranda sevinirdim, onlar isə mənə penaltilər və cərimə zərbələri vurmağa icazə verdilər ki, “Qızıl buts”u qazanım. Təəssüratverici idi”, deyə Suares xatırlayıb.
Xatırladaq ki, mətbuatda 36 yaşlı Suaresin tezliklə MLS təmsilçisi “İnter Mayami”nin futbolçusu olacağı və burada “Barselona”dakı keçmiş tərəfdaşları Lionel Messi, Jordi Alba və Serxio Busketslə yenidən bir araya gələcəyi barədə xəbərlər yayılmışdı.
Luis Suares bir müddət öncə Braziliya A Seriyasının 2023-cü il mövsümünün ən yaxşı hücumçusu və oyunçusu seçilib. O, 2023-cü ilin qışında azad agent qismində Uruqvay “Nasyonal”ından “Qremio”ya keçib. Suaresin “Qremio” ilə müqaviləsi artıq başa çatmaq üzrədir. Braziliyada 2022/2023 mövsümün başa çatması ilə, dekabrın 31-də uruqvaylı futbolçu “Qremio”nu tərk edəcək.
Daha əvvəl Suares sümük ağrılarından şikayətçi olduğunu bildirmişdi.
Luis Suares hazırda kapitanı olduğu, 2007-ci ilin fevralında debüt etdiyi Uruqvay yığma komandasının heyətində 138 oyuna çıxıb. O, bu oyunlarda 68 qol vurub, 39 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet portalı 36 yaşlı veteran Luis Suaresi 4 milyon avro məbləğində qiymətləndirir.


