“Qremio”nun məşhur uruqvaylı hücumçusu Luis Suares səhhətindəki fəsadlardan danışıb və bu vəziyyətindən şikayətlənib.
Arena.az “Infobae” dərgisinə istinadən, Suaresin bu barədə sözlərini təqdim edir:
“Mən dizimi tam aça bilmirəm. Bu, 2020-ci ildə Barselonada keçirdiyim cərrahi əməliyyatın nəticəsidir. Üç ay bərpa üzərində işlədim, sonra pandemiya vurdu, qapanma elan edildi və son ayı evdə tək işlədim. Bu kvadrisepslər üzərində işləməklə oxşar deyil, fizioterapevtin gəlib dizinizi açması kimi deyil.
Özümü daim sıxılmış hiss edirəm. Yaxşı ki, dizim şişmir. İçində maye yığılsaydı, onu tərpədə də bilməzdim. Oyundan əvvəl üç həb, növbəti səhər başqa bir həb qəbul edirəm və oyundan bir neçə saat əvvəl “Voltaren” də istifadə edirəm.
Bu isə təkcə dizlə bağlı deyil. Bəzən alt bud sümüklərim ağrıyır, axsaydığım üçün belim tez-tez məni narahat edir. Hər gün nə qədər ağrı çəkdiyimdən asılı olaraq prosedurlar fərqlidir. Gələcəyimi düşünməliyəm. Elə bir vaxt gələcək, bəlkə də 5-10 ildən sonra dostlarımla padel-tennisi və ya 5×5 futbol oynamaq istəyəcəyəm, amma osteoartrit səbəbindən bacarmayacağam. Hər şeyi nəzərə almaq lazımdır”, deyə Luis Suares bildirib.
Xatırladaq ki, Braziliya A Seriyasının cari mövsümünün bitməsi ilə Luis Suaresin “Qremio”dan ayrılacağı dəqiqləşib. Uruqvaylı hücumçunun “İnter Mayami”də sabiq komanda yoldaşı Lionel Messi ilə birlikdə çıxış edəcəyi haqda məlumatlar dolaşır.
“Transfermarkt” internet-portalı Luis Suaresi 4 milyon avro məbləğində qiymətləndirir.


