Luis Suares Uruqvay yığmasından ayrılır – Özü açıqladı

“İnter Mayami”nin mərkəz hücumçusu Luis Suares Uruqvay yığmasında çıxışına xitam verdiyini ictimaiyyətə açıqlayıb.

Arena.az məlumat verir ki, veteran futbolçu mətbuat konfransında çıxışı zamanı, sentyabrın 7-də Paraqvay yığmasına qarşı keçiriləcək oyundan sonra Uruqvay yığmasından ayrılmağı planlaşdırdığını bildirib.

Çıxışı zamanı Suares əsəbi olub. O, duyğularına hakim ola bilməyib:

“Bu barədə danışmaq mənim üçün çətindir, amma ölkəm üçün növbəti oyun mənim üçün sonuncu olacaq. Mən bu barədə uzun müddət düşünmüşəm, təhlil etmişəm. Hesab edirəm ki, indi doğru məqamdır”, deyə Suares millidən ayrılmaq haqda qərarını göz yaşları içində açıqlayıb.

Suares hazırda kapitanı olduğu, 2007-ci ilin fevralında debüt etdiyi Uruqvay yığmasının heyətində 142 oyuna çıxıb. O, bu oyunlarda 69 qol vurub və 39 məhsuldar ötürmə verib.

Luis Suares Uruqvay yığması ilə Amerika Kubokunun (2010/2011) qalibi olub.

Xatırladaq ki, Luis Suares 2024-cü ilin yanvar ayından “İnter Mayami”də çıxış edir. Uruqvaylı mərkəz hücumçusu ABŞ klubu ilə 1 illik müqavilə bağlayıb. Müqavilə daha 1 mövsüm uzadılması haqda maddəni özündə ehtiva edir. Təcrübəli hücumçu bu komandanın heyətində indiyə qədər 27 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib.

Suares “İnter Mayami”dən öncə Braziliyanın “Qremio”, Uruqvayın “Nasyonal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), Niderlandın “Ayaks”, “Qroningen”, İngiltərənin “Liverpul” klublarının da formasını geyinib.

“Transfermarkt” internet portalı 37 yaşlı mərkəz hücumçusunu 3 milyon avro məbləğində qiymətləndirir.