Luka Modriç: “Nə qədər ki, özümü belə hiss edirəm…”

“Real”ın və Xorvatiya yığmasının mərkəz yarımmüdafiəçisi Luka Modriç futbolçu karyerasına mümkün xitamı ilə bağlı sualı cavablayıb.

Arena.az xorvat ulduzun bu barədə fikrini təqdim edir:

“Mənim yaşımda nəyisə təxmin etmək çətindir. Mənimlə bağlı təxmin edib heç vaxt tapmazsan. Oyundan oyuna getmək gərəkdir. Nə qədər ki, özümü belə hiss edirəm – əgər meydanda zövq alıramsa, orada olacağam. Əgər hiss etsəm ki, məndə bu həvəs artıq yoxdur, o zaman heç kimə deməyə ehtiyac duymayacağam – bunu özüm başa düşəcəyəm. Sağlamlığım hər şeydən əvvəldir, qalan hər şeyi isə özüm həll edəcəyəm”, deyə Modriç vurğulayıb.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran futbolçu cari mövsümdə “Real” üçün 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 539 oyun, 39 qol, 86 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 27 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 180 oyuna çıxıb, 27 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 39 yaşlı xorvat yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: