Luka Qotti “Leççe”nin yeni baş məşqçisidir

İtaliyalı futbol mütəxəssisi Luka Qotti A Seriyasında mübarizə aparan “Leççe” komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

56 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna – 30 iyuna kimi nəzərdə tutulub.

Qotti “Leççe”nin baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Roberto D’Aversanı əvəz edib. Rəhbərlik bu qərarını 48 yaşlı D’Aversanın qeyri-idmani davranışı ilə əsaslandırıb. Belə ki, o, çempionat oyunundan sonra rəqib oyunçuya kəllə atıb. Hadisə belə baş verib:

İtaliya A Seriyasının 28-ci turu çərçivəsində “Leççe” “Verona”nı qəbul edib və 0:1 hesabı ilə məğlub olub. Hakimin final fitindən sonra D’Aversa qonaqların fransalı futbolçusu Toma Anriyə yaxınlaşaraq, onun sifətinə yaxşıca kəllə tutuzdurub. Zərbə nəticəsində Anri tirtap olub.

Robert D’Aversa “Leççe”nin sükanı arxasında ötən ilin iyulunda keçmişdi. O, “canavarlar”la 30 oyun keçirib, 6 qələbə, 10 heç-heçə, 14 məğlubiyyət yaşayıb. D’Aversa əvvəllər “Sampdoriya”, “Virtus Lansano” və “Parma”da da baş məşqçi kimi çalışıb.

Luka Qotti isə 2023-cü ilin fevralında “Spetsiya”dan ayrılandan bəri işsiz idi. İtaliyalı mütəxəssis daha öncə “Udineze”, “Triestina”, “Trevizo” kimi klublarda da baş məşqçi kimi çalışıb. İtaliyanın U-17 yığmasına da rəhbərlik etmiş Qotti, “Kalyari”, “Parma”, “Bolonya” və “Çelsi”də köməkçi məşqçi kmi də işləyib.

“Leççe” İtaliya A Seriyasının cari mövsümündə 28 oyuna 5 qələbə qazanıb, 10 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb. Komanda 25 xalla 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: