Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Spetsiya” klubu əsas komandanın baş məşqçisi Luka Qotti ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
İtaliyadan olan 55 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. 2022-ci ilin yayında bu komadaya gətirilən Qottinin müqaviləsinin müddəti 3 illik idi. Amma tərəflərin işbirliyi cəmi 7 ay davam edib. İstefaya isə komandanın uğursuz çıxışı səbəb olub. Son dörd matçdan üçündə uduzan elita təmsilçisi bir heç-heçə ilə kifayətlənib.
Luka Qotti “Spetsiya”nı bütövlükdə 25 oyuna çıxarıb. Komanda bu oyunlarda 6 qələbə qazanıb, 7 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. “Spetsiya” A Seriyasında bu mövsüm keçirdiyi 22 oyunda cəmi 19 xal toplayıb. Komanda 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.
İtaliyalı mütəxəssis daha öncə “Udineze”, “Triestina”, “Trevizo” kimi klublarda baş məşqçi kimi çalışıb. İtaliyanın U-17 yığmasına da rəhbərlik etmiş Qotti, “Kalyari”, “Parma”, “Bolonya” və “Çelsi”də köməkçi məşqçi kmi də işləyib.


