Lukaş Skorupski “Bolonya” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə Polşa yığma komandasının qapıçısı Lukaş Skorupski İtaliyanın “Bolonya” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı polşalı qolkiperin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2026-cı ilin 30 iyununa qədər idi.

Xatırladaq ki, Lukaş Skorupski “Bolonya”ya 2018-ci ildə “Roma”dan 9 milyon avro müqabilində keçib. O, bu komandanın heyətində 260 matça çıxıb, 351 qol buraxıb, 68 oyunda qapısını toxunulmaz saxlayıb.

“Roma”nın yetirməsi olan Skorupski İtaliyada “Empoli”nin də uğurları üçün çalışıb. O, ölkəsində də “Qornik” və “Rux” komandalarında forma geyinib.

Lukaş 2012-ci ilin dekabrında debüt etdiyi Polşa yığmasında da 20 oyuna çıxıb, 20 qol buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı qapıçının transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: