“Luton Taun” 120 min funt-sterlinq məbləğində cərimələndi

İngiltərənin “Luton Taun” klubu azarkeşlərinin homofob şüarlar səsləndirməsinə görə 120 min funt-sterlinq məbləğində cərimələnib.

Arena.az məlumat verir ki, İngiltərə Futbol Assosiasiyası (The FA) sözügedən komandanın “Brayton”a qarşı keçirdiyi oyunda (4:1) azarkeşlərinin səsləndirdiyi homofob şüarlar müqabilində “şlyapaçılar”ı pul cəriməsi ilə cəzalandırmağı qərara alıb.

Artıq Premyer Liqa klubu bu məsələ ilə bağlı rəsmi mövqeyini ifadə edib. Luton təmsilçisinin yaydığı bəyanatda bunlar qeyd olunub: “Klub avqustun 12-də “Brayton”a qarşı Premyer Liqa mövsümünün açılış oyununda azarkeşlərimizin təhqiredici, homofob və ayrı-seçkilik xüsusiyyətli şüarlar səsləndirməsi ilə bağlı iddianı qəbul edib. İnklüziv, ailə dostu bir klub olaraq “Luton Taun” bu kimi təhqiramiz şüarlara dözmür. Klub ayrı-seçkiliyin bütün formalarına qarşı mütləq dözümlülük siyasəti aparır. Bu, istər şəxsən, istərsə də onlayn olaraq futbolda və ya ümumilikdə cəmiyyətdə hər kəs üçün qəbuledilməzdir.

Bu işdə iştirak etmiş bütün şəxslər cinayət törədiblər. Sonradan bunu edəcək hər kəs klub tərəfindən diskvalifikasiya ediləcək və onlar polis araşdırması ilə üzləşəcəklər”, – klubun rəsmi saytındakı bəyanatında deyilir.

Xatırladaq ki, Luton təmsilçisi bu mövsüm tarixində ilk dəfə İngiltərə Premyer Liqasında mübarizə aparmaq hüququ qazanıb. Geridə qalmış 12 turda bu komanda cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib. Qalan 8 qarşılaşma isə məğlubiyyətlə yekunlaşıb. Lutonlular 12 oyunda cəmi 6 xal toplayıblar və hazırda 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: