Məhkəmə Mourinyonun vergi borcu ilə bağlı qərar verdi

İspaniya Ali Məhkəməsinin İnzibati Mübahisələr Palatası “Real”ın sabiq baş məşqçisi Joze Mourinyonun vergi işləri üzrə hökm çıxarıb.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, məhkəmə portuqal mütəxəssisin 2011-ci və 2012-ci illər üçün dövlətə borclu olduğu vergiləri qaytarmağa mükəlləf olduğunu təsdiqləyib.

Mənbənin məlumatına görə, 2018-ci ildə Mərkəzi İqtisadi İnzibati Məhkəmə Mourinyonun 2010-cu ildən 2012-ci ilə qədər olan şəxsi gəlir vergilərinə aid olan iddiasını rədd edib. Nəticədə 571 min avro məbləğində vergi cəriməsi tətbiq edilib. Tərəflər 881,3 min avro məbləğində barışıq sazişi bağlayıblar.

Milli Məhkəmə daha sonra cəriməni ləğv edib və 2010-cu il üçün vergi borcunu etibarsız sayıb, amma 2011-ci və 2012-ci illər üçün qərarı isə qüvvədə saxlayıb. Mourinyo İqtisadi Vergi Məhkəməsinin “Real”la müqaviləsinin vasitəçiliyi nəticəsində alınmış ödənişləri düzgün qiymətləndirmədiyini əsas gətirərək, bu iki il üçün hesablamalara etiraz edib. Amma məhkəmə portuqal mütəxəssisin şikayətini rədd edib.

Xatırladaq ki, Joze Mourinyo 2010-cu ilin iyul ayından 2013-cü ilin iyun ayına qədər İspaniya nəhəngi “Real”ın baş məşqçisi olub. O, “Benfika”, “Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Mançester Yunayted”, “Tottenhem” kimi komandalara da rəhbərlik edib. Mourinyo son olaraq “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis 2021-ci ilin iyul ayından təyinat aldığı İtaliya klubundan bu ilin yanvarında ayrılıb.

Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: