Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Praqa “Sparta”sı (Çexiya) klubu ilə üz-üzə gəlib.
Bu komandalar arasındakı ilk oyun Xorvatiya çempionunun meydanında baş tutmuşdu. Dörd qolun qeydə alındığı görüşün yekununda futbolçumuzun komandası 3:1 hesablı qələbəyə sevinmişdi.
Cavab qarşılaşması isə Çexiyada keçirilib. Beş qolun qeydə alındığı matçdan 1:4 hesablı məğlubiyyətlə ayrılan “Dinamo” Avropa Liqası ilə vidalaşmaq məcburiyyətində qalıb. Mahirin komandası avrokubok mübarizəsini Avropa Konfrans Liqasında davam etdirəcək.
Mahir “Sparta” ilə cavab oyununun 71-ci dəqiqəsində meydana buraxılıb. Lakin o da komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 31 matça çıxıb, 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub.


