Mahir Emreli oynadı, “Dinamo” ÇL matçında AEK-ə uduzdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə növbəti matçını keçirib.

Xorvatiya çempionu qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsində Yunanıstan təmsilçisi AEK (Afina) ilə mübarizə aparır.

Bu komandalar arasındakı ilk oyun ötən həftə baş tutmalı olsa da, azarkeşlər arasındakı qanlı olaylar nəticəsində bir yunan fanatın ölməsi ilə əlaqədar həmin qarşılaşma təxirə salınmışdı. Bu üzdən də “Dinamo” ilə AEK arasındakı ilk oyun bu gün Zaqrebdə baş tutub. “Maksimir” stadionunda keçirilən və üç qolun qeydə alındığı matç “Dinamo”nun məğlubiyyəti ilə başa çatıb. Hesabı 39-cu dəqiqədə xorvatlar açıblar. Amma Yunanıstan çempionu 59 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində səfərdə əzmkar qələbəyə sevinib.

Mahir bu oyunda fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Lakin o, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Bu komandalar arasındakı cavab görüşü avqustun 19-da Afinada keçiriləcək.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 28 matça çıxıb, 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: