Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Rakuv” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində bu gün Xorvatiyanın “Hayduk” kollektivi ilə cavab qarşılaşmasının iştirakçısı olub.
“Rakuv” səfərdə baş tutmuş ilk görüşdən 2:2 hesablı heç-heçə ilə ayrılmışdı. Doğma meydanda keçirilmiş cavab görüşünü azərbaycanlı hakimlər idarə ediblər. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olub. Amma həmyerlilərinin idarəçiliyi Mahirə və komandasına düşərli olmayıb. Oyunun əsas vaxtı yenə 2:2 hesabıyla bitib. Komandasının bərabərlik qolunu da Mahir vurub. Start heyətdə meydana çıxmış azərbaycanlı hücumçu 88-ci dəqiqədə vurduğu qolla oyunu əlavə vaxta daşıyıb. Yeri gəlmişkən, vurduğu bu qolu azarkeşlərlə qeyd etdiyi üçün, Əliyar Ağayev ona sarı vərəqə göstərib. Əlavə vaxtda daha bir qol buraxan “Rakuv” Konfrans Liqası ilə vidalaşıb. 120 dəqiqə oynamış Mahir də komandasını xilas edə bilməyib.
Xatırladaq ki, “Rakuv” Mahiri bu yay Almaniyanın “Kayzerslautern” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb. Emreli Polşa klubunun heyətində 9 oyuna çıxıb, 4 qola imza atıb, 1 məhsuldar ötürmə verib.
Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu ötən mövsüm bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.
Mahir daha öncə Almaniyanın digər klubu “Nürnberq”də də forma geyinib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
Emreli üçün Polşa çempionatı da tanış liqadır. Belə ki, o, vaxtilə bu ölkənin “Legiya” (Varşava) komandasında çıxış edib, burada 33 oyuna 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 61 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


