Mahir Emreli üçün 63 dəqiqə və 1 xal

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 33-cü tur çərçivəsində baş tutan “Lokomotiva” ilə səfər matçının iştirakçısı olub.

Zaqreb derbisində hesabı meydan sahibləri açıblar. “Dinamo” yalnız fasilədən sonra avtoqol sayəsində hesabı bərabərləşdirə bilib. Matç elə 1:1 hesabıyla da başa çatıb. Mahir bu görüşə start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra 70 xala malik “Dinamo” vahid liderliyini qoruyub. Zaqreblilərin ən yaxın izləyicisi “Hayduk” isə 66 xalla ikincidir.

Xatırladaq ki, Mahir Emreli bu mövsümün qış fasiləsində Polşa “Legiya”sından “Dinamo”ya transfer olunub. O, Zaqreb təmsilçisinin heyətində indiyə qədər keçirdiyi 8 oyunda 2 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: