Mahmut Tekdemir 20 il formasını geyindiyi “Başakşəhər”dən ayrıldı

Türkiyənin “Başakşəhər” klubu dörd futbolçusu – Mahmut Tekdemir, Mehdi Abeid, Emirhan İlkhan və Leo Dyubua ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Komandanın kapitanı olan Mahmut Tekdemir müqaviləsinin müddəti bitdiyi üçün İstanbul klubunu tərk edib. O, məhz bu klubun yetirməsi idi. Tekdemir 20 il formasını geyindiyi “Başakşəhər”i 36 yaşında tərk edib və böyük ehtimalla karyerasını başa vuracaq.

Karyerası ərzində yalnız “Başakşəhər”in uğurları üçün çalışmış Mahmut, bu komandanın heyətində 500 oyun keçirib. Dayaq yarımmüdafiəçisi bu görüşlərdə 18 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. O, Türkiyə milli komandasında da 22 oyun keçirib.

Mehdi Abeid ilə “Başakşəhər” arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Əlcəzair yığmasının da üzvü olan 31 yaşlı mərkəz yarımmüdafiəçisi 2023-cü ilin yayından formasını geyindiyi bu klubun forması ilə 20 oyunda 3 qol və 3 assist müəllifi olub. “Dijon”, “Panatinaikos”, “Nant”, “Əl-Nəsr”, “Xor Fakkan”, “Nyukasl”, “Sent Conston” kimi klublarda forma geyinmiş Abeid, Əlcəzair yığmasında 19 oyuna 1 qol vurub.

Emirhan İlkhan 2023-cü ilin iyul ayında İtaliyanın “Torino” klubundan icarə əsasında “Başakşəhər”ə qoşulmuşdu. 20 yaşlı türkiyəli mərkəz yarımmüdafiəçisinin icarə müqaviləsinin bitdiyi üçün o, İtaliyaya qayıdıb. Gənc futbolçu Super Liqa təmsilçisinin heyətində 34 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Beşiktaş”ın yetirməsi olan, İtaliyada “Torino”dan başqa “Sampdoriya”nın da formasını geyinmiş yarımmüdafiəçi, Türkiyənin U-21 yığmasının üzvüdür.

“Qalatasaray”ın icarədə olan futbolçuları kluba qayıtdı

Leo Dyubua isə “Başakşəhər”ə 2023-cü ilin sentyabrında Super Liqanın digər təmsilçisi “Qalatasaray”dan icarəyə gəlmişdi. Onun da icarə müqaviləsinin müddəti bitdiyi üçün İstanbul təmsilçisinə qayıdıb. Fransadan olan 29 yaşlı sağ cinah müdafiəçisi “Başakşəhər”də 31 oyuna çıxıb, 1 qol və 7 assistlə yadda qalıb. “Qalatasaray”la 2025-ci ilin yayına kimi müqaviləsi olan futbolçu “Olimpik” (Lion) və “Nant”da da oynayıb. Dyubua Fransa millisində də 13 oyun keçirib.

Yeri gəlmişkən, bu mövsüm Türkiyə çempionu olan “Qalatasaray”ın İngiltərənin “Lester Siti” klubuna icarəyə verdiyi Yunus Akgün də 2023/2024 mövsümünün bitməsilə İstanbul təmsilçisinə qayıdıb. O, Çempionşipdə çempion olduqları bu komandanın heyətində 34 oyuna çıxıb. 23 yaşlı futbolçu bu görşülərdə 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: