“Red Bull” komandasının holland pilotu Maks Ferstappen Niderland qran-prisində birinci və ikinci sərbəst məşqdən sonra həyəcan təbili çalıb.
Arena.az “RacingNews365” portalına istinadən məlumat verir ki, Ferstappen komandanın təkmilləşdirməli olduğu məqamlardan danışıb:
“Sərbəst yarışların ikinci sessiyası daha çətin keçdi – hətta tıxacsız dairəni sürmək belə asan deyildi. Biz bir neçə şeyi təkmilləşdirmək istərdik, amma uzun məsafələrdə heç bir problem ortaya çıxmadı, ümumilikdə isə yaxşı gün idi. Mən hələ də döngələrdə tarazlıqdan çox da razı deyiləm, bizə bu problemi həll etmək gərəkdir.
Düşünürəm ki, təsnifata doğru biz qaydasında olacağıq. Maşının böyük potensialı var, bizim sadəcə olaraq bəzi yerlərdə sazlamaları dəqiqləşdirməyə ehtiyacımız var. Demək olar ki, uğur qazanacağımıza əminəm”, deyə Ferstappen əminlik nümayiş etdirib.
Xatırladaq ki, Maks Ferstappen ilk sərbəst məşqdə ən yaxşı nəticə göstərsə də, ikinci məşqdə “Maklaren” komandasının pilotu Lando Norrisi önə buraxaraq, ikinci yeri tutub.


