Maks Ferstappen “mümkün qədər çox qələbə” istəyir

“Red Bull”un holland pilotu Maks Ferstappen ardıcıl 10-cu qələbəsini qazana biləcəyi İtaliya qran-prisi ərəfəsində maraqlı açıqlama verib.

Arena.az bu barədə “Sky Sports”a istinadən məlumat verir.

Ferstappenin açıqlamasını onun uğuruna qərəzli yanaşan bir çox ağzıgöyçəklərə cavab kimi də qiymətləndirmək olar. Belə ki, yarış məqsədləri haqqında danışan Ferstappen, həmçinin ictimaiyyətin onun Formula 1 yürüşlərində üstünlüyünə münasibətini qiymətləndirib və ələlxüsus ona qeyri-sağlam münasibətilə seçilən ünsürlərə öz peşəkarlığını qabardaraq, təvazökarlıqla yerini göstərib:

“Hər kəsin belə şeylərlə bağlı öz fikri var, amma mən böyüklərdən biri olduğumu sübut etmək üçün heç vaxt Formula 1-də olmamışam. Mən yalnız cəhd etmək və fürsət olanda mümkün qədər çox qələbə qazanmaq üçün buradayam. Mən burada heç nəyi sübut etməyə gəlməmişəm. İnsanlar komanda ilə nə baş verdiyini və bunun nə qədər çətin olduğunu bilmirlər.

Kiminsə davamlı olaraq öz işini gördüyü zaman, bəziləri bunu qiymətləndirə bilmirlər. Mən yalnız özüm haqqında deyil, bütün komanda haqqında danışıram. Mən öz işimi görmək üçün buradayam, nə etdiyimi başqalarına bildirmək üçün yox”, deyə Ferstappen vurğulayıb.

Xatırladaq ki, Maks Ferstappen ardıcıl 9 Formula 1 qran-prisini qazanmağı bacarmış pilotlardan biridir. Bu həddə çatmış sonuncu pilot 2013-cü il mövsümündə “Red Bull”un sükanı arxasında olmuş Sebastyan Fetteldir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: