İngiltərənin “Çelsi” klubunun seneqallı mərkəz müdafiəçisi Mamadu Sarr bundan sonra “Real Sosyedad”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
La Liqa təmsilçisi 20 yaşlı futbolçunu 1 illik icarəyə götürüb. Onunla 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Mamadu Sarr Lion “Olimpik”inin məzunudur. Müdafiəçi, karyerası ərzində “Molenbek” (icarə), “Strasburq” və “Çelsi”də çıxış edib.
“Çelsi” Sarrı 2025-ci ilin iyun ayında “Strasburq”dan 14 milyon avro məbləğ müqabilində “zadəganlar”ın heyətinə qatıb. Tərəflər müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Sarr “Çelsi” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 7 oyun keçirib.
Mamadu Sarr Fransanın U-17, U-18, U-19 və U-20 komandalarına cəlb edilib, əsas yığmaya isə çağırış almayıb. Əvəzində o, 2025-ci ildən Seneqal yığmasında oynamağa başlayıb. Müdafiəçi millinin heyətində 8 oyuna çıxıb.
Sarrın qənimətlər muzeyində Lion “Olimpik”in U-19 komandası ilə qazandığı Fransa Kuboku (2021/2022), “Çelsi” ilə qazandığı FIFA Klub Dünya Kuboku (2025) və Fransanın U-17 komandası ilə qazandığı Avropa Çempionatı (2022) var.
“Transfermarkt” internet-portalı 20 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


