İngiltərənin “Mançester Siti” klubunun maliyyə qaydalarını pozması ilə bağlı uzunmüddətli araşdırmada yeni mərhələ başlayıb.
Arena.az xəbər verir ki, müstəqil komissiya İngiltərə Premyer Liqasının kluba qarşı irəli sürdüyü 115 maliyyə ittihamından 114-ü üzrə “Siti”ni təqsirli bilib.
İttihamlar 2009-2018-ci illəri əhatə edən dövrlə bağlıdır. Araşdırmanın əsasını klubun maliyyə məlumatlarının təqdim edilməsi, gəlirlər və ödənişlərlə bağlı hesabatlar, UEFA-nın maliyyə qaydalarına riayət olunması və Premyer Liqanın araşdırması ilə əməkdaşlıq kimi məsələlər təşkil edir.
Hazırda “Mançester Siti”yə qarşı hansı cəzanın tətbiq ediləcəyi məlum deyil. Müstəqil komissiyanın sanksiyanı ayrıca müəyyənləşdirməsi gözlənilir. Xal silinməsi və ya klubun Premyer Liqadan kənarlaşdırılması kimi variantların mümkün olduğu bildirilsə də, bunların hər hansı birinin tətbiq olunacağı hələ təsdiqlənməyib.
“Mançester Siti” isə prosesin hələ başa çatmadığını və klubun mövqeyinin dəyişmədiyini bildirib. Klubun apellyasiya hüququndan istifadə etməsi gözlənilir.
Qeyd edək ki, Premyer Liqa bu kluba qarşı ittihamları 2023-cü ilin fevralında rəsmi şəkildə irəli sürmüşdü. İş üzrə araşdırma isə daha əvvəl başlamışdı. Klub ittihamları indiyədək rədd edib.
“Mançester Siti” 2008-ci ildə BƏƏ-də yerləşən “Abu Dhabi United Group” investisiya qrupunun nəzarətinə keçib. Bundan sonra klub İngiltərə futbolunda ən uğurlu komandalardan birinə çevrilərək 8 dəfə Premyer Liqa çempionu olub, həmçinin İngiltərə Kuboku, Liqa Kuboku və 2022/23 mövsümündə Çempionlar Liqasını qazanıb.


