“Mançester Siti” alman qapıçı ilə gücləndi

İngiltərə çempionu “Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa nəhəngi Almaniyanın “Arminiya” klubunun qapıçısı Orteqa Morenonu transfer edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Almaniyadan olan 29 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

“Mançester Siti” bu transferə görə Almaniya klubuna heç bir təzminat ödəməyib. Qolkiper dünən “Arminiya” ilə müqaviləsinin müddəti başa çatdığı üçün bu gün azad agent kimi Mançester təmsilçisinə keçib.

Futbolçu yeni klubunun rəsmi saytına açıqlama verib. O, bu komandaya keçidiniin fantastik olduğunu deyib:

“Bu, mənim üçün fantastik karyera addımıdır. “Mançester Siti” heyrətamiz komandadır, hər mənada dünya səviyyəli komandadır. Ən qısa zamanda bu komandaya qoşulmaq və klubun uğurlarında iştirak etmək şansı qazanmağı xəyal edirəm. Komanda yoldaşlarımla görüşmək, həmçinin baş məşqçi Pep Qvardiola və onun heyəti ilə işləməyə başlamaq üçün səbirsizlənirəm”.

Orteqa Moreno peşəkar karyerasına məhz “Arminiya”da başlayıb. O, 2011-2014-cü illər aralığında Bielefeld təmsilçisinin uğurları üçün çalışdıqdan sonra “1860 Münich” klubuna transfer olunub. Lakin 3 il sonra, 2017-ci ildə qolkiper yenidən “Arminiya”ya qayıdıb. O, bu komandanın heyətində 220 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: