İngiltərənin “Mançester Yunayted” klubu iki futbolçusu – Marsel Zabitser və Vaut Veqhorstla yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Marsel Zabitser Mançester klubuna bu ilin yanvarında Almaniya çempionu “Bayern”dən, Vaut Veqhorst isə “Börnli”dən icarə əsasında keçmişdi. “Qırmızı şeytanlar” onları komandada saxlamaqda maraqlı olmayıb və icarə müddəti ötən gün bitən futbolçulara təşəkkür edib.
Veqhorst “Mançester Yunayted”də 31 oyuna çıxıb, 2 qol və 3 assist müəllifi olub. Zabitser isə İngiltərə nəhəngində 18 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Bayern”lə 2025-ci ilin yayına kimi müqaviləsi olan Zabitser karyerası ərzində “Leypsiq”, “Rapid” (Vyana), “Admira Vakker”, “Zalsburq” kimi klubların da formasını geyinib. 29 yaşlı yarımmüdafiəçi Avstriya yığmasında 71 oyuna 14 qol vurub.
Veqhorstun da “Börnli” ilə müqaviləsi 2025-ci ilin 30 iyununa qədərdir. Niderlanddan olan 30 yaşlı hücumçu karyerası ərzində “Emmen”, “Herakles”, “Alkmaar”, “Volfsburq” və “Beşiktaş” kimi klublarda da forma geyinib. O, Niderland yığmasında 23 oyuna 5 qol vurub.
“Mançester Yunayted” müqavilə ilə bu kluba məxsus olan bəzi futbolçularla da bağlı qərarlarını açıqlayıb.
İtan Gelbreytlə 2025-ci ilə qədər olan müqaviləyə xitam verilib. 22 yaşlı yarımmüdafiəçi “Leyton Orient”ə keçib.
Zidan İqbal 1 milyon avro qarşılığında Niderlandın “Utrext” klubuna keçib.
21 yaşlı sağ cinah müdafiəçisi İtan Lerd də “Birmingem Siti”yə transfer olunub. “Qırmızı şeytanlar” bu keçiddən 875 min avro qazanıb.
Müqaviləsinin müddəti ötən gün bitən qapıçı David De Xeanın aqibəti isə hələ də qaranlıq olaraq qalır. Klub ispan qolkiperlə vidalaşmadığını və hələ yeni müqavilə ilə bağlı danışıqların davam etdiyini açıqlayıb.


