Manuel Akanci oyunçuların iş yükünün artmasından narazılıq etdi

“Mançester Siti”nin isveçrəli müdafiəçisi Manuel Akanci Çempionlar Liqasının yeni mövsümündə oyunların sayının artırılmasını tənqid edib.

Arena.az “Mirror” dərgisinə istinadən məlumat verir ki, Akanci sıx oyun təqvimi mənzərəsində futbolçuların artan iş yükündən narahat olduğunu bildirib:

“İndi işlər daha da mürəkkəbləşir. Tərtibat genişlənib, oyunlar isə artıb. Əvvəllər 6 oyun idi, indi bəlkə də 10 oyun ola bilər. Digər oyunların sayını azaltmaq gərəkdir, sadəcə oyunları əlavə etmək və hər şeyin əvvəlki kimi qalacağına ümid etmək olmaz.
Oyunlar çətinləşəndə ən yaxşı komandanı meydana çıxarmaq istəyirsən. Hər hansı bir anda oynamaq üçün çox yorğun olacaqsınız. Sonra isə zədələr ortaya çıxır. Biz məşq edirik və formamızı saxlayırıq, amma bunun bir həddi olmalıdır”, deyə Manuel Akanci vurğulayıb.

Vurğulayaq ki, daha əvvəl də futbol dünyasından bir çox nüfuzlu futbol adamları – “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti, “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiola təqvim sıxlığı ilə bağlı fəsadın həlli üçün futbol məmurlarına səslənmişdilər. Həmçinin “Liverpul”un braziliyalı qapıçısı Alison Beker də oyun təqviminin tərtibatı zamanı futbolçuların fikirlərinin nəzərə alınmasının vacibliyini vurğulamışdı.

Xatırladaq ki, 2024/2025-cü illər mövsümündən etibarən Avropanın ən mötəbər klub yarışında iştirakçıların sayı 32-dən 36-ya yüksəldilib. Klassik qrup mərhələsi ümumi cədvəllə əvəz edilib. Hər komanda müxtəlif rəqiblərə qarşı 8 oyun keçirəcək. Çempionlar Liqasının yeni tərtibatında üç püşkatma nəzərdə tutulub. Bunlardan birincisi, yarışın birinci mərhələsinə qədər, ikincisi, 9-24-cü yerləri tutmuş klublar arasında ələmə oyunları ərəfəsində, üçüncü püşkatma isə Çempionlar Liqasının 1/8 final mərhələsi ərəfəsində baş tutacaq. İştirakçıların sonrakı cütləri isə yarış səbəti vasitəsilə müəyyənləşdiriləcək.