Manuel Noyer dizi ilə bağlı bəzi fəsadlar yaşadığını bildirdi

“Bayern”in alman qapıçısı Manuel Noyer dizində bəzi fəsadların olduğunu, buna rəğmən, rahatsızlığının öhdəsindən gəldiyini bildirib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, Noyerin bu barədə məlumatını təqdim edir:

“Dizim qaydasındadır. Bir neçə şikayətim olub və hələ də bəzi xırda fəsadlarım var, amma bu, məşq etməyimə və ya oynamağıma mane olmur. Buna görə də nikbinəm”, deyə alman qapıçı bildirib.

Xatırladaq ki, hələ 2022-ci ilin noyabrında Manuel Noyer tətildə xizək sürərkən ayağını sındırmışdı. Uzun sürmüş müalicədən sonra Manuel 2023-cü ilin oktyabrında Bundesliqada “Darmştadt”a qarşı oyunda (8:0) meydana çıxmış və böyük futbola qayıda bilmişdi.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı “Bayern”də 2011-ci ilin iyulundan çıxış edir. Manuel “Bayern”ə 30 milyon avro qarşılığında elə, “Şalke”dən transfer edilib. Noyerin münhenlilərlə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Cari mövsümdə Noyer “Bayern”in heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 18 qol buraxıb, 8 oyunda qapısının toxunulmazlığını təmin edib.

Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.

Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub. Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı alman qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: